Sığortalanmış əmanət

Sığortalanmış əmanət:

Qorunan əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Sığorta hadisəsi:

Iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilməsidir

Sığorta hadisəsi baş verdikdə kompensasiya ödənişi:

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi Fondun Himayəçilik Şurasının müəyyən etdiyi faiz dərəcəsi çərçivəsində olmaqla 4 (dörd) il müddətində tam sığortalanır və tam kompensassiya olunur. 

1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edilib.  1 iyul 2019-cu il tarixinədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edirdi və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır.

Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir.

Sığorta hadisəsi baş verdikdə kompensasiya:

- milli valyutada olan əmanətlərə - manatda;

- həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla

- ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutalarda;

- digər valyutalarda olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesblanmış ABŞ dolları və ya avroda.

Bankda sığorta hadisəsi baş verdikdə əmanətçi kompensasiyanın ödənilməsi barədə məlumatı haradan əldə edə bilər

Fondun üzvü olan bankda sığorta hadisəsi baş verdikdə, Maliyyə Bazarlarına Nəzarət Palatası Fonda bidiriş göndərir. Fond bildiriş aldıqdan sonra 7 gün ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir.

Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir.

Kompensasiyanın alınması qaydası:

Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət etməlidir. Ərizədə əmanətin qoyulduğu bankın adı, əmanətin məbləği, hansı valyutada qoyulduğu (manatda və ya digər valyutada), əmanətçinin özü barədə məlumat (adı, soyadı, doğulduğu yer, təvəllüdü (ay, il), ünvanı, əlaqə telefonu və e-mail ünvanı), əmanətin ümumi həcmi və kompensasiyanı hansı formada almaq istədiyi (nağd, köçürmə və s.) göstərilməlidir.

Ərizəyə aşağıdakı sənədlər və onların surətləri əlavə olunmalıdır:

1. əmanət (bank hesabı) müqaviləsi;

2. əmanət kitabçası (yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənəd);

3. şəxsiyyəti təsdiq edən sənəd;

4. əmanətçinin nümayəndəsi müraciət etdikdə onun notariat qaydasında təsdiq olunmuş etibarnaməsi.

Əmanətçi kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il müddətində Fonda ərizə ilə müraciət edə bilər. Əmanətçi bu müddətdə müraciətini qeyri-mümkün edən halları təsdiq edən sənədləri Fonda təqdim etdikdə kompensasiyanı almaq üçün müraciət müddəti uzadıla bilər, bir şərtlə ki, bildirişin ilk dəfə dərc edildiyi gündən beş ildən artıq müddət keçməsin.

Əmanətçiyə kompensasiya ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən ödənilir. Müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə kompensasiyanın ödənilməsi 90 günədək uzadıla bilər.